ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) İxtisasartırma Proqramları tərəfindən təşkil edilən "Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb.
Bu barədə "TehsilMedia.az”a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, mayın 17-si başa çatan proqramda ölkəmizdə akkreditə olunmuş 10-dan çox xarici diplomat iştirak edib. Onların təmsil etdiyi ölkələrin sırasında Argentina, Çexiya, Əlcəzair, Fələstin, Qırğızıstan, Meksika, Niderland Krallığı, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyəni qeyd etmək mümkündür.
Proqramın sonuncu günü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev beynəlxalq KİV-lə işləməyin əsas prinsipləri, Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəis müavini Elçin Allahverdiyev Azərbaycanın xarici siyasətindəki nailiyyətləri və problemləri kimi mövzuları əhatə edən mühazirələrlə çıxış ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov məcburi köçkünlərimizin işğaldan azad edilmiş bölgələrə qayıdışı ilə bağlı iştirakçıları məlumatlandırıb.
Daha sonra, ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva proqramı uğurla başa vuran iştirakçıları bu münasibətlə təbrik edib və onlara sertifikatlarını təqdim edib.
Qeyd edək ki, proqram ərzində diplomatlar regionun siyasi sistemi, turizm perspektivləri, həmçinin mədəni diplomatiya, Xəzər enerjisinin iqtisadi və geosiyasi aspektləri, beynəlxalq KİV-lə işləmə prinsipləri, xarici siyasət, məcburi köçkünlərin problemlərinin həlli və beynəlxalq təşkilatlarla iş kimi geniş mövzuları əhatə edən mühazirələri dinləmək imkanı əldə ediblər.
Proqram ADA Universitetinin professor-müəllim heyəti və IDD-nin proqram direktorları, eləcə də müxtəlif dövlət qurumlarının və beyin mərkəzlərinin nümayəndələri tərəfindən tədris edilib.