Bakı Slavyan Universitetinin (BSU) bir qrup professor-müəllim heyəti - Humanitar və sosial elmlər fakültəsinin dekanı Sevda Axundova, Slavyan filologiyası kafedrasının müdiri Rafiq Novruzov, kafedranın müəllimləri Samirə Abdullayeva və Svetlana Qurbanova Polşa Respublikasının Torun şəhərində 16-19 may tarixində keçirilən X Beynəlxalq Asiya Konqresində iştirak ediblər. BSU-nun nümayəndə heyəti mayın 16-da "Nowa Politika Wshodna" (Şərqin yeni siyasəti) adlı elmi jurnalın nəşriyyatında təşkil olunan elmi seminarda iştirak ediblər.
Bu barədə "TehsilMedia.az”a BSU-dan bildirilib.
Polşa Respublikasının Torun Universitetinin professoru, “Marşalek Holdinq” nəşr evi İdarə Heyətinin sədri Adam Marşalek və professor İoanna Marşalek-Kawa iştirakçıları sertifikatla təltif ediblər.
Mayın 17-də Azərbaycan Respublikasının Polşadakı səfirliyi və bilavasitə səfir Nərgiz Qurbanovanın təşəbbüsü ilə Torun Universitetinin professoru, “Marşalek Holdinq” nəşr evi İdarə Heyətinin sədri Adam Marşalek və professor İoanna Marşalek-Kawa tərəfindən Torun şəhərinin mərkəzində "Şuşa Azərbaycan mədəniyyətinin mərkəzi" adlı sərgi təşkil olunub və BSU-nun nümayəndələri sərgidə iştirak ediblər.
Mayın 18-də BSU-nun nümayəndələri Konqresin bölmələrində çıxış ediblər. Həmçinin, mayın 19-da "Xarı bülbül" adlı sənədli film nümayiş etdirilib.
Səfər çərçivəsində Nikolay Kopernik adına Universitetin Siyasi elmlər fakültəsinin dekanı ilə görüş keçirilib. Görüşdə yay məktəbi, müəllim-tələbə mübadiləsi, Azərbaycan dili və mədəniyyəti mərkəzi haqqında müzakirələr aparılıb.