Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan mexanika və aerokosmik mühəndislik sahəsində tanınmış azərbaycanlı alim, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev (Avey) Bakı Mühəndislik Universitetinin (BMU) müəllim-tələbə heyəti ilə görüşüb.
TehsilMedia.az xəbər verir ki, qonağı təqdim edən BMU-nun rektoru Yaqub Piriyev professor Abdulla Sofiyevlə uzun illərə söykənən elmi əməkdaşlıq və dostluq münasibətlərindən bəhs edib. Rektor Azərbaycan elminin dünyada tanıdılmasında böyük əməyi olan alimin Stenford Universitetinin apardığı araşdırma nəticəsində dünyanın ən nüfuzlu alimləri siyahısına daxil edildiyini, eyni zamanda Research.com akademik platformasının tərtib etdiyi Ən Yaxşı Alimlər reytinq siyahısında yer aldığını bildirib. Abdulla Sofiyevin 300-dən artıq fundamental elmi məqaləsinin nüfuzlu jurnallarında işıq üzü gördüyünü, “Scopus”, “Web of science” kimi platformalarda yer alan məqalə və nəşr sayının 150-dən çox, elmi məhsuldarlığın elmmetrik göstəricisi olan H-İndeksinin 43 olduğunu deyən Yaqub Piriyev professorun elm sahəsinə verdiyi digər töhfə və nailiyyətləri nəzərə çatdırıb.
Sonra Abdulla Sofiyev onu böyük elmə aparan yolun başlanğıcı ilə bağlı məlumatları tədbir iştirakçıları ilə bölüşüb. Elmi fəaliyyətinin ən məhsuldar dövrünün məhz 2002-2014-cü illərə təsadüf etdiyini deyən alim bu dövrdə dünyanın ən nüfuzlu jurnallarında elmi məqalələrinin cap olunduğunu, elmi araşdırmalarının nəticələrinə görə çoxsaylı mükafatlara layiq görüldüyünü və s. qeyd edib. Hazırkı fəaliyyətindən də söz açan professor fundamental araşdırmaları davam etdirdiyini, Dördüncü Sənaye İnqilabının yaratdığı imkanlar çərçivəsində bu araşdırmaların rolu, eyni zamanda sözügedən texnoloji inqilabın qlobal iqtisadiyyata təsiri ilə bağlı fikirlərini paylaşıb.