Oktyabrın 20-də Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Vüsal Muradov və Azad Hümbətovun xatirəsinə həsr olunmuş “Vətən yolunda addımlayanlar” filminin təqdimatı keçirilibTehsilMedia.az xəbər verir ki, təqdimatdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Şəhid Ailələrinə Qayğı Cəmiyyəti”nin təşkilatçılığı ilə “Vətən yolunda addımlayanlar” filminin təqdimatı olub.
Təqdimatdan sonra Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev filmin təqdimatı zamanı göstərdiyi dəstəyə görə SDU-nun rektoru cənab Rüfət Əzizova və universitetin professor-müəllim, tələbə heyətinə təşəkkürünü bildirdi. Sədr filmin nümayişinin Bakı şəhərində və respublikamızın digər bölgələrində də keçiriləcəyini diqqətə çatdırıb.
Çıxış edən Vətən müharibəsi qəhrəmanının atası Arif Hümbətov oğlu Azad Hümbətovun xatirəsinə göstərilən yüksək ehtirama görə ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirməklə bugünkü tədbirin təşkil olunmasında zəhməti olan hər kəsə təşəkkürünü ifadə edib.
Çıxış edən şəhid leytenant Vüsal Muradovun atası oğlunun şəxsində şəhidlərimizin xidmətlərini qiymətləndirən hər kəsə minnətdarlığını bildirməklə onların qəhrəmanlıqlarının nəticəsi kimi ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu xatırladıb. Cəsarət Muradov Vüsalın şəhadətindən sonra ailəsinin yanında olan hər kəsə minnətdarlığını bildirib.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxışında tədbir iştirakçılarını – şəhid ailələrini, qaziləri və müharibə iştirakçılarını SDU-nun rektoru Rüfət Əzizovun adından salamladı, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbədən söz açıb. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həyata keçirilən bu cür layihələrin əhəmiyyətindən bəhs etdi, filmin yaradıcı heyətinə təşəkkürünü bildirdi. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində vətənpərvərlik ruhunda aparılan tərbiyəvi işlərdən, şəhidlərin gələcək nəsillərə tanıdılması ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.. Bildirib ki, tələbə - gənclərimiz ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə dövlətçilik ənənələrinə sədaqətin parlaq təcəssümünü nümayiş etdirirlər. Qürurverici haldır ki, al qanı ilə tarix yazan Vətən mücahidlərinin, gənclərin sırasında Sumqayıt Dövlət Universitetinin tələbə və məzunları da vardır. Elmar Xəlilov şəhidlərə Allahdan rəhmət, onların ailələrinə səbr, qazilərə şəfa diləyib.
Tədbirin sonunda Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev bir sıra tədbir iştirakçılarının, o cümlədən prorektor Elmar Xəlilovun birliyin döş nişanı ilə təltif olunduğunu bildirərək mükafatları təqdim edib.