Azərbaycan Texniki Universitetində Bakı Bilişim Vadisi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə süni intellekt texnologiyaları və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkətlərin rəhbərlərinin, mütəxəssislərin və bu sahədəki dövlət qurumlarının nümayəndələri ilə görüş keçirilir. TehsilMedia.az xəbər verir ki, tədbirdə çıxış edən “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov süni intellekt texnologiyaları və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkətlərin və dövlət qurumlarının birgə əməkdaşlığını vacibliyini qeyd edib.
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev belə görüşlərin əhəmiyyətini vurğilayıb, gələcəkdə bu tədbirlərin daha intensiv keçiriləcəyini qeyd edib.
"AzTU regionda müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlayan ilk və yeganə universitetdir. Mütəxəssislər universitetin Xüsusi texnika və texnologiya fakültəsində hazırlanır.
Azərbaycan Texniki Universiteti bu istiqamətdə işini daha samərəli qurmalıdır. Təhsil ocağı bu istiqamətdə daha ciddi addımlar atmağı qarşına məqsəd qoyub. AzTU, "Bilişim Vadisi Bakı" və Azərbaycan Milli Aviasiya Akademiyasının iştirakı ilə hər il 100 tələbə mühəndis proqramı üzrə hazırlanır", - deyə rektor əlavə edib.
Sonra "Ordulu Texnoloji"nin rəhbəri Nizaməddin Ordulu "Süni intellekt texnologiyaları və kibertəhlükəsizlik" mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX), Müdafiyə Sənayesi Nazirliyi, KOBİA, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının nümayəndələri, sahə üzrə mütəxəssislər iştirak edir.