Dekabrın 12-də Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə
"TehsilMedia.az" a institutdan məlumat verilib.
Öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov tədbiri açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizin qurulmasında əvəzsiz xidmətləri vardır. O qeyd edib ki, Heydər Əliyevin “Gün gələcək, bizim üçün əziz olan Qarabağ torpağı, işğaldan azad olacaq. Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcərin o yüksək dağları, biz onlarsız yaşaya bilmərik. Qarabağ, müstəqil Azərbaycanın çiçəklənən bir güşəsi olacaq, gələcək nəsillər məhz orada Bülbülün, Ü.Hacıbəyovun heykəlini qoyacaq” - ifadəsi əbəs yerə səslənməmişdi. Ulu Öndərin apardığı balanslaşdırılmış siyasətin nəticəsi, bu gün tam aydın şəkildə özünü doğrultdu. Bu siyasət çərçivəsində Heydər Əliyev Azərbaycanın beynəlxalq siyasətdə müstəqil bir mövqe qazanmasına nail oldu. Onun dövlət başçılığı dövründə Azərbaycan qonşu ölkələrlə əlaqələrini gücləndirdi, regional və beynəlxalq təşkilatlarla iş birliyini genişləndirdi və ölkəsinin müstəqilliyini qorudu.
Oktay Qasımov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusunun böyük şücaət və yüksək peşəkarlıqla apardığı döyüş əməliyyatları nəticəsində işğal altında qalan əzəli və əbədi torpaqlarımız düşmən tapdağından azad edildi.
Daha sonra Biofizika İnstitutunun Molekulyar və hüceyrə biokimyası laboratoriyasının kiçik elmi işçisi Banu Ağamalıyeva çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, ordu quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və siyasi fəaliyyətindən ətraflı şəkildə bəhs edib.