Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Hefei Texnologiya Universitetində olub.
Bu barədə
"TehsilMedia.az" a BDU-dan məlumat verilib.
Görüşdə Hefei Texnologiya Universitetinin prezidenti Zheng Lei ilə əməkdaşlıq məsələləri müzakirə edilib. Z.Lei dünyaşöhrətli fizik Lev Landaunun BDU-nun məzunu olmasından məlumatlı olduğunu söyləyib. O, BDU ilə tələbə və müəllim heyətinin mübadiləsi, riyaziyyat, fizika, kimya, innovasiya, texnologiya kimi fundamental sahələrdə əməkdaşlığa hazır olduqlarını qeyd edib.
BDU-nun rektoru Elçin Babayev ölkəmizdə elmin və təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışıb, universitetin beynəlxalq əlaqələri, ikili diplom proqramları və təhsil müəssisəsində aparılan tədris, elmi tədqiqatlar haqqında məlumat verib. Rektor qeyd edib ki, BDU-nun fəaliyyət göstərdiyi 104 il ərzində 200 mindən artıq məzunu olub, onların arasında tanınmış alimlər, ictimai-siyasi xadimlər var. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Bakı Dövlət Universitetinin ən böyük məzunudur.
Rektor BDU-nun Çin universitetləri ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb. Bildirilib ki, BDU dünya tendensiyalarına uyğun qabaqcıl texnologiya və nailiyyətlər səviyyəsində peşəkar sahələrin yaradılması və inkişafını təmin edə bilən mütəxəssislər, elmi və elmi-pedaqoji, mühəndis-texniki kadrlar hazırlayan, sənaye müəssisələri ilə olan mövcud əlaqələri inkişaf etdirməklə elmi nəticələri kommersiyalaşdıran struktura və bazaya malikdir. Son dövrlər BDU beynəlxalq əlaqələrini genişləndirir, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələri qurur, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə birgə kadr hazırlığı, ikili diplom proqramına dair müqavilələr imzalayır. BDU-nun Çin universitetləri ilə əlaqələrinin də yüksələn xətlə inkişaf etdiyini deyən E.Babayev universitetdə riyaziyyat, nanofizika, kimya, biotexnologiya, kompüter elmləri, sosial və humanitar elmlər sahələrində güclü məktəblərin olduğunu vurğulayıb, əməkdaşlığın faydalı olacağına əminliyini bildirib. Rektor, həmçinin BDU-nun nəzdində Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin fəaliyyətindən bəhs edib, tələbə və akademik heyətin mübadiləsi, müxtəlif birgə layihələrin həyata keçirilməsi istiqamətində təkliflərini bildirib.
Sonra nümayəndə heyətləri arasında ikitərəfli müzakirələr aparılıb. Tərəflər arasında elm, tǝhsil, mǝdǝniyyǝt sahǝlǝrində müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, sənaye tətbiqli elmi-tədqiqat işlərində əməkdaşlıq, fizika və riyaziyyat sahələrində birgə tədqiqatların aparılması, təhsilin bütün sǝviyyǝlərindǝ kadrların mübadiləsinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər sahələrdə müxtəlif tədbirlərin, o cümlədən birgə elmi konfranslar, sərgilər, seminarlar, simpoziumlar və təlimlərin keçirilməsi müzakirə olunub.
Fizika, riyaziyyat və kimya texnologiyaları sahəsində bir akademik il müddətində akademik heyət və tələbə mübadiləsinin həyata keçirilməsi haqqında danışıqlar aparılıb.
Görüşdə birgə ikili proqram layihəsinin hazırlanması barəsində fikir mübadiləsi olub. Hefei Texnologiya Universitetinin uyğun fakültələrinin rəhbərləri və əməkdaşları ilə BDU nümayəndə heyəti arasında ətraf mühit mühəndisliyi, biologiya və qida elmləri sahələrində əməkdaşlıq, kondensə olunmuş hal fizikası, kvant fizikası, optik mühəndislik, fizika mühəndisliyi üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Sonra BDU və Hefei Texnologiya Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.