Bu il Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşlarının məqalələrinə 2.200-dən çox istinadlar edilib. Elm müəssisəsində 3 problem üzrə aparılan elmi-tədqiqatlar nəticəsində 11 mühüm elmi nəticə əldə olunub.
TehsilMedia.az xəbər verir ki, bu barədə institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı AMEA-nın Kimya Elmləri Bölməsinin illik hesabat iclasında məlumat verib. M.Babanlı qeyd edib ki, aparılmış tədqiqatların nəticələri 143 məqalə və 176 tezisdə öz əksini tapıb. İl ərzində 94 məqalə “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub. Əməkdaşlar tərəfindən 6 monoqrafiya nəşr etdirilib (2-si xaricdə), 4 patent alınıb.
İnstitutda bir beynəlxalq qrant – “Horizon 2020” çərçivəsində tədqiqatlar davam etdirilib, 2 layihə isə Azərbaycan Elm Fondunun qrant müsabiqəsinin qalibi olub.