Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İşğaldan azad olunmuş torpaqlarda sənayenin dirçəlişinə mühəndis baxışı” mövzusunda dəyirmi masa keçirilib.
UNEC-dən
"TehsilMedia.az" a bildirilib ki, Mühəndislik fakültəsinin dekanı Elçin Səmədov, Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri Rövnəq Rzayev və başqalarının iştirakı ilə keçirilən tədbirdə tələbələr işğaldan azad olunmuş torpaqlarda həyata keçiriləcək layihələr çərçivəsində öz ideya və fikirlərini irəli sürərək təqdimatla çıxış ediblər.
Tələbələr işğaldan azad olunmuş torpaqlarda qeyri-səlis məntiq nəzəriyyəsi əsasında Qarabağdakı istixanalarda temperaturun və rütubətin idarə edilməsi, Qarabağın su ehtiyatlarının bərpası və ekoloji qiymətləndirilməsi, atmosfer havasının və iqlimin qorunması, Azərbaycanın münaqişədən zərər görmüş ərazilərinin BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində qiymətləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerjidən istifadənin əhəmiyyəti, Qarabağın inkişafında aqrar texnologiyanın rolu, bu ərazilərdə turizmin inkişafı, “ağıllı” şəhər kimi mövzulara toxunublar.