Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə məktəb mühitinin formalaşdırılması mövzusunda görüş keçirilib.
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva məktəblərdə tədris prosesinin keyfiyyətli təşkili və tənzimlənməsi, valideynlərlə effektiv kommunikasiyanın yaradılması, məktəblərin daxili nizam-intizam qaydalarının nəzarətdə saxlanmasının vacibliyindən danışıb.
Mehriban Vəliyeva məktəbdaxili sağlam psixoloji mühitin formalaşdırılması, dərsə davamiyyət, şagird nailiyyətlərinin artırılması, müəllimlərin ayrı-ayrı fənlər üzrə qarşılıqlı dərs dinləmələri, vətəndaş məmnunluğu, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolu, valideynlərin məktəblə əlaqəsini daha da möhkəmləndirməyin önəmi kimi vacib məqamlara toxunub.
O, həmçinin buraxılış imtahanlarına hazırlıq, təhsil müəssisələrində şagird davranış qaydalarının tətbiqinə nəzarət, təhsilalanların inkişafı istiqamətində görülən işlər və digər məsələlərə dair tövsiyələrini verib.
Daha sonra kommunikasiya məsələlərindən danışan BŞTİ-nin müdir müavini Anar Məmmədov görüş iştirakçılarına məktəbin düzgün kommunikasiya üslubu, şagirdlərlə ünsiyyət, təhlükəsizilik qaydaları, işə məsuliyyətli münasibət barədə təklif və tövsiyələrini verib, nəticəyönümlü fəaliyyətin problemlərin həllindən keçdiyini qeyd edib.
Görüşdə iştirak edən təhsil işçiləri şagird davranış qaydalarının tətbiqinə nəzarət, elektron jurnal, dərsin düzgün qurulması, dərs yükü, məktəb-valideyn münasibətlərinin inkişaf etdirilməsi və valideynlərin məktəbə cəlb olunması barədə fikirlərini bildirib, qeyd edilən məsələlər üzrə öz təkliflərini səsləndiriblər.
Qeyd edək ki, həftəsonu günlərində davamlı olaraq keçirilən görüşlərin əsas məqsədi təhsil müəssisələrində sağlam psixoloji mühitin təmin edilməsi, müzakirə çərçivəsində çatışmazlıqların aşkarlanması, təhsil idarəçilərinin təkliflərinin dinlənilməsi, onlarla fikir mübadiləsinin aparılmasından ibarətdir.