Təhsil uşağın gələcəyini müəyyənləşdirən əsas faktorlardandır. Amma bu prosesin ağırlığı və yükü bəzən elə nəticələr doğurur ki, nəticədə nəinki inkişaf, əksinə, psixoloji tənəzzül baş verir. İmtahan stresindən depressiyaya düşən abituriyentlər bu problemin miqyasını göstərir. Psixoloq Aytən Ələkbərova bu barədə fikirlərini AzEdu.az-a bölüşüb: “Təəssüflər olsun ki, bəzən biz təhsili çox önə çəkdiyimiz üçün insan sağlamlığına, insan ruhuna və insan beyninə zərər verəcək bəzi məqamlara diqqət yetirmirik. Bu yaxınlarda məktəbin qarşısında bir ana uşağını döyürdü. Səbəbini soruşdum, dedi ki, uşaq imtahanda sualları bildiyi halda cavablamayıb. Nəticədə isə uşaqda stresdən dil tutulması baş verib”.
Antidepresant istifadə edən gənclərin sayı çoxalıb
“Elə bir gənc yoxdur ki, onunla söhbət zamanı nevroloqa və ya psixiatra yönləndirməyək. Hətta ən yüksək bal toplayanlar belə beyin yükü səbəbindən davam gətirə bilmir. Bugün 5 gəncdən 4-ü antidepresant qəbul edir. Antidepresantların tərkibini oxuyanda insan düşünür: bu yaşda mən niyə belə vəziyyətə düşməliyəm?”
İctimai davranış pozuntuları və əlaqə itkisi
“Beynin yükü nəticəsində ictimai yerlərdə insanlar özlərini idarə edə bilmirlər, müəllimlərlə əlaqə pozulur, effektiv ünsiyyət itir. Mərkəzi sinir sistemində yaranan qıcıqlardan dolayı fəsadlar meydana gəlir”.
6-7 yaş dövründə psixoloji əsaslar pozulursa…
“Təhsil sistemində yaranan yükü azaltmaq, xüsusən birinci sinfə gedən uşaqlardakı stresləri aradan qaldırmaq çox vacibdir. Əks halda, 6-7 yaş dövründə ikinci şəxsiyyətin inkişafında və yeniyetməlikdə ağır panik ataklar, davranış və psixi pozuntular baş qaldırır. Cəmiyyətin sağlam gələcəyi üçün təhsil sahəsində psixoloji amillərin nəzərə alınması, valideyn və müəllimlərin bu yöndə maarifləndirilməsi həyati əhəmiyyət daşıyır”.