"Təhsil hüququ insan hüquqları ideyasının əsas özəyidir. Təhsil yalnız bir hüquq kimi deyil, eyni zamanda digər insan hüquqlarının tam və effektiv həyata keçirilməsi üçün də vasitə kimi görülür, hər bir insanın inkişafına və ləyaqətinin dərk olunmasına, insan hüquqlarına və əsas azadlıqlara hörmətin möhkəmləndirilməsinə, eyni zamanda hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmasına imkan yaradır".
TehsilMedia.az xəbər verir ki, bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində qeyd olunur ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
"Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir və maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Təhsil hüququ ilə bağlı müddəalar bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapıb. Belə ki, 1948-ci ildə "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” ödənişsiz və icbari ibtidai təhsilin əsas insan hüququ olduğunu elan edib. Bu Bəyannamənin 26-cı maddəsində qeyd olunur ki, hər bir şəxsin təhsil hüququ var".
Ekspert bildirib ki, ən azı ibtidai və ümumi təhsil pulsuz olmalıdır, ibtidai təhsil icbari olmalıdır:
Kamran Ə
"Hər kəs texniki və peşə təhsili almaq imkanına malik olmalıdır, ali təhsil də hər kəsin qabiliyyəti əsasında hamıya eyni dərəcədə müyəssər olmalıdır. "İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt təhsil hüququnu hüquqi cəhətdən məcburi bir öhdəlik kimi təsdiq edib. "İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 13-cü maddəsində qeyd olunur ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin təhsil hüququnu tanıyırlar. Onlar razılaşırlar ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir".
Kamran Əsədov "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinə əsasən heç kimin təhsil hüququndan imtina edilməsinin mümkün olmadığını vurğulayıb:
"Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir. "Uşaq Hüquqları Konvensiyası”nın 28-ci maddəsində qeyd olunur ki, məktəb intizamı uşağın ləyaqətinə uyğun şəkildə gözlənilməlidir. Təhsil uşağın şəxsiyyəti, istedadı və bacarıqlarının inkişafı, insan hüquqları və əsas azadlıqlarına hörmət, azad cəmiyyətdə məsuliyyətli həyat, anlama, dözümlülük və bərabərlik, təbii mühitə hörmətin təşviq edilməsinə yönləndirilməlidir".