"Dərsliklərdən düzgün istifadə etməyi bilməyənlər ondan şikayətlər edirlər”
Bu sözləri Bakı şəhər, 17 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, “Örnək müəllim” Elmira Ağayeva dərsliklərlə bağlı şikayətlərə münasibət bildirib.
“Müəllimlər metodik vəsaitdən düzgün istifadə etmədikdə, eləcə də valideynlər “valideyn bələdçisi” ilə maraqlanmadıqda boşluqlar meydana çıxır. Bu zaman da dərsliklərdən şikayətlər başlayır.
Hər şey birbaşa kitabın içində açıq-aydın yazılmamalıdır. Bəzən şagird, valideyn, eləcə də müəllim mövzu ilə bağlı araşdırma etməlidir. Tutaq ki,müəllim bugünkü dərs üçün 2 standartı yerinə yetirməyi öhdəsinə götürüb. Bu zaman metodik vəsaitə nəzər sala bilər. Vəsaitdə qeyd olunur ki, hansı tapşırıqlar hansı standarta aiddir. Həmin standartlar mütləq tapşırıqlarla icra olunmalıdır. Mövzunun bir məqsədi olmalı və aydın şəkildə göstərilməlidir. Ancaq bundan sonra dərslik şagirdi tamamlamış olur.
Fikrimcə dərsliklərdəki bütün mövzular bir-birilə əlaqəli şəkildə qurulub. Biz 2-ci sinifdə Azərbaycan dili fənnində hansısa mövzunu keçiriksə, həmin ərəfələrdə riyaziyyatda da, texnologiyada da mövzular üst-üstə düşür. Bu baxımdan kitablar çox gözəl şəkildə hazırlanıb. Mövzuların quruluşu şagirdləri təkcə biliklə təmin etmir, eləcə də onları həyata da hazırlayır.
Qeyd edim ki, 4-cü sinif riyaziyyat fənnində kreditə aid misallar cədvəllər, diaqramlar vasitəsilə əks olunub. Bunlar bizə həyatımız boyu lazım olacaq mövzulardır. Uşaqlar hələ erkən yaşlardan həyata dair məsələləri kitab üzərindən öyrənməlidirlər. Dünya təhsil sistemində, eləcə də Yaponiya, Sinqapurda şagirdləri kiçik yaşlardan həyatda lazım ola biləcək bacarıqlara yiyələndirirlər. Bu baxımdan təkcə biliyə yönəlmiş tapşırıqlara, mövzulara ehtiyac yoxdur”.
“Oxuyub-anlama qabiliyyətini uşaq yaşlarından təkmilləşdirmək lazımdır”,-deyə müsahibimiz vurğulayıb:
“Müəllimlər bəzən Azərbaycan dilində oxuyub-anlamanı yalnış başa düşürlər. Düşünürlər ki, mövzu “oxuyub-anlamadırsa,” şagird onu oxuyub, lövhədə danışmalıdır. Heç bir standartda belə bir qayda göstərilməyib. O, mövzu barədə fikrini izah etməli, həyatla əlaqələndirməlidir və s. kimi məqsədlər göstərilə bilər, amma şagirdin mövzunu əzbərləyib, danışmasına yol verə bilmərik. Bizə lazımdır ki, o,oxuduğunu anlasın, bundan sonra isə tapşırıqları yerinə yetirsin.
Təəssüf ki, ölkəmizdə böyüklərin belə oxuyub-anlama, dinləyib-anlama qabiliyyəti aşağıdır. Bunun inkişafına uşaq yaşlarından başlanmalıdır”.