Bakı Dövlət Universitetində (BDU) 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib.
TehsilMedia.az xəbər verir ki, tədbir BDU-nun tarix muzeyi tərəfindən təşkil olunub.
BDU-nun tarix muzeyinin müdiri Günel Orucəliyeva Beynəlxalq Muzeylər Günü haqqında məlumat verib. Bildirib ki, Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək etmək məqsədilə təsis olunmuş bu əlamətdar gün hər il müəyyən deviz altında qeyd edilir. Bu il Beynəlxalq Muzeylər Günü "Muzeylər, dayanıqlılıq və rifah” devizi altında keçirilir.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının dosenti Anar Ağalarzadə Azərbaycandakı muzeylərin fəaliyyəti, profilləri, ölkədə muzey işi ilə bağlı həyata keçirilən dövlət siyasəti barədə məlumat verib. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağda vaxtilə mövcud olan muzeylərin və muzey filiallarının bərpası ilə əlaqədar görülən işlərdən danışılıb.
A.Ağalarzadə, eyni zamanda, Fransanın Luvr və Sen Jermen muzeylərinin yaranması, fəaliyyəti, muzeylərdə nümayiş olunan eksponatlar haqqında geniş məlumat verib.
Sonra tələbələrin sualları cavablandırılıb.