SOCAR-ın Bakı Ali Neft Məktəbinin Davamlı təhsil fakültəsinin dekan müavini Bağçagül İmanova Əliyeva və Erasmus+ və Beynəlxalq Proqramlar Ofisinin rəhbəri Humay Azayeva İsveçin Stokholm şəhərində təlimdə iştirak ediblər.
TehsilMedia.az xəbər verir ki, təlim Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (#ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində keçirilib.
Təlimə layihə konsorsiumunun üzvü olan Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyəti qatılıb. Səfərin əsas məqsədi universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi, ali təhsil müəssisələrində innovasiya və sahibkarlıq fəaliyyətlərinin səmərəli təşkili istiqamətində İsveç təcrübəsinin öyrənilməsi olub.
Onlara KTH Kral Texnologiya Universitetində sahibkarlıq və innovasiya mövzularında təlimlər keçirilib.
Bundan əlavə, Bakı Ali Neft Məktəbinin əməkdaşları KTH Kral Texnologiya Univerisitetinin Erasmus+ üzrə rəhbəri Anne Hellberg və Beynəlxalq Əlaqələr Ofisinin əməkdaşı Ronald T.Nordqvistlə görüşüblər. Görüşdə əməkdaşlıq perspektivləri və tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb. Anne Hellberg Bakı Ali Neft Məktəbinin qısa zamanda əldə etdiyi nailiyyətləri çox yüksək qiymətləndirib.
Səfər proqramına əsasən təlimlərin yekununda layihə tərəfdaşlarının növbəti fəaliyyətlər və koordinasiya məsələləri üzrə görüşü baş tutub, müzakirələr aparılaraq tapşırıqlar müəyyənləşdirilib.