Praqa şəhərində yerləşən Lusern Sarayının (Palac Lucerna) tarixi binasında keçirilən “Doll Prague” (“Praqa Kuklası) beynəlxalq kuklaçılar sərgisində Azərbaycan təmsil olunub.
TehsilMedia.az xəbər verir ki, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru, “Natəvan” Cəmiyyətinin sədri, tanınmış şairə Leyla Begim Cəfərova bildirib ki, sərgidə Çexiyada yaşayan azərbaycanlı rəssam Vəfa Aşumova uğurla iştirak edib.
Onun sözlərinə görə, azərbaycanlı rəssam öz kuklalarını müxtəlif xalqların mədəniyyətində – nağıllarda, əfsanələrdə mövcud olan kəpənək obrazında təqdim edib. “Azərbaycanlı rəssam Vəfa Aşumovanın psixeyası sərginin qonaqlarına əsl zövq verdi”, - deyə Leyla Begim əlavə edib.
Qeyd edək ki, Azərbaycan Rəssamlar Birliyinin üzvü Vəfa Aşumovanın indiyədək “Doll Prague” beynəlxalq kuklaçılar sərgisində “Sarı gəlin”, “Yeddi gözəl” kompozisiyalarında və rokoko üslubunda hazırladığı kuklalar nümayiş etdirilib. O, “İlin kuklaları – 2019” sərgisində “Paltar” nominasiyası üzrə qalib olub.