Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyasının yaradıcısı, professor Tərlan Seyidovun müəllif layihəsi əsasında “Akademik, xalq və caz musiqisi” İkinci Respublika müsabiqəsinin qiymətləndirməsi prosesi davam edir.
TehsilMedia.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və BMA-nın məktəb-studiyasının təşkilatçılığı ilə keçirilən müsabiqə musiqi sənətinin üç əsas istiqamətinə – klassik, xalq yaradıcılığı və caz musiqisinə həsr olunur. Müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylidir.
Layihə iki mərhələdən ibarət olmaqla həyata keçirilir. Birinci turun seçimləri iştirakçıların müsabiqənin qaydalarına uyğun olaraq hazırladıqları ifaların videoyazısı əsasında baş tutub.
Qeyd edək ki, videoyazılar yutub sosial platformasına yerləşdirilib. İkinci turda isə canlı ifa nümayiş etdiriləcək. Müsabiqənin iştirakçıları üç yaş kateqoriyasında (I qrup – 8-12 yaş, II qrup – 13-16 yaş, III qrup – 17-23 yaş) “Fortepiano”, “Simli alətlər”, “Nəfəs və zərb alətləri”, “Vokal” nominasiyaları üzrə bölünüblər.
Müsabiqədə iştirak etmək üçün Bakıdan və respublikanın 14 regionundan (Ağdam, Ağdaş, Bərdə, Quba, Qubadlı, Gəncə, Qəbələ, Saatlı, Salyan, Sumqayıt, Neftçala, Şabran, Şəki, Şirvan) musiqi məktəbləri, habelə, orta və ali musiqi təhsili müəssisələrindən fortepiano, violin, fleyta və vokal ixtisasları üzrə 110-dan çox gənc musiqiçi müraciət edib.
Hazırda birinci tur iştirakçılarının qiymətləndirilməsi prosesi davam edir. İkinci tur isə noyabrın 13-dən 18-dək keçiriləcək. Müsabiqənin qaliblərinə laureat adı veriləcək.
“Akademik, xalq və caz musiqisi” müsabiqəsinin keçirilməsi öz aktuallığını saxlamaqla yanaşı, janrlararası əlaqələrin inkişafına və təkmilləşdirilməsinə öz töhfəsini verir.