Paytaxtdakı bəzi məktəblərdə şagirdlərin 1-ci sinfə qəbulu üçün həmin ərazidə qeydiyyatda olması tələb edilir. Təhsil müəssisəsinin yaxınlığında kirayə və yaxud qeydiyyatsız yaşayanlara imtina cavabı verilir.
TehsilMedia.az xəbər verir ki, bu barədə şikayətçi Nəcabət Babayeva bildirir ki, övladı bu il 1-ci sinfə getməlidir. Rus bölməsi üzrə keçirilən imtahanda yaxşı nəticə göstərsə də, kirayə yaşadıqları Xətayi rayonu Gəncə prospekti ərazisində heç bir məktəbə qəbul edilməyib. Valideyn bildirir ki, həm evimizə, həm iş yerimizə yaxın olduğu üçün bu ərazini seçirik, lakin imtina gəlir. İki dəfə Bakı şəhər Təhsil İdarəsinə müraciət edən valideyn bildirib ki, müraciətləri nəticəsiz qalır.
Eyni problemi yaşayan valideynlərdən biri də Əhmədova Mədinədir.
Təhsil eksperti
Kamran Əsədov bildirir ki, problemin kökündə şagird sıxlığı dayanır. Onun fikrincə, məktəblərin tərkibində yeni siniflərin yaradılması, dərs otaqlarının sayının artırılması məsələnin həllinə qismən də olsa, təsir göstərə bilər.
Bakı şəhər Təhsil İdarəsindən sorğuya cavab olaraq bildirildi ki, paytaxtda yerləşən bir sıra məktəblərdə 1-ci sinfə onlayn qeydiyyat zamanı süni şagird sıxlığının qarşısını almaq üçün üstünlük əsasən həmin ərazidə olanlara verilir. Bundan başqa valideyni həmin ərazidə işləyən vı bacısı, qardaşı orda oxuyan şagirdlər üstünlüyə malikdir. Mövcud siniflərdə vakant yerlər üçün sərbəst şagird qəbulunun aparılması da nəzərdə tutulur.
Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.