Martın 3-də Naxçıvan Muxtar Respublikasının ümumi təhsil məktəblərinin V, VI və VII sinif şagirdlərinin iştirak etdikləri Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, imtahanlar Naxçıvan şəhərində 2, rayonlarda isə 7 olmaqla, ümumilikdə 9 mərkəzdə təşkil olunub və 1930 şagird iştirak edib.
Qeyd edək ki, 2023–2024-cü tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin təşkili qaydalarında dəyişikliklər edilib. Yeni qaydalara əsasən, müsabiqənin iki mərhələsi qapalı test tapşırıqları formatında, final mərhələsi isə açıq tipli tapşırıqlardan ibarət olacaq. Eyni zamanda, 5-ci sinif şagirdləri üçün keçirilən Lütfi Zadə adına məntiq olimpiadası cari tədris ilindən “Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası” adlandırılıb və şagirdlərə bu istiqamətdə müvafiq tapşırıqlar verilib. Olimpiadanın hər üç mərhələsi qapalı suallar formatında təşkil ediləcək.