May ayı təzəcə başlamışdı. Şəhərin küçələrində divarlara yapışdırılan bir afişa hamının diqqətini özünə cəlb edirdi. Bu afişada göstərilirdi ki, 15 iyun Qurtuluş günündə Azərbaycan Respublikasının ərazi bütövlüyünə həsr edilən 86.6 adlı konsert-proqramı baş tutacaq. Afişanı yaxından görən rəqssevərlərin sevincinin həddi-hüdudu yox idi. Onlar səbirsizliklə konsertin necə olacağı haqqında və neçə bilet alacaqlarını düşünürdülər.
Əsl sənət insanları, sənətinin vurğunu olan kəslər hər zaman həyəcanlı olur. Tamaşaçı qarşısına çıxmaq məsuliyyətini dərk etdikləri üçün çalışırlar ki, repertuar seçimində insanların zövqünü oxşaya bilsinlər. Həm də bayağı mahnıların, rəqslərin çox yayıldığı bir zamanda konsertə gələnləri məhz milli-mənəvi dəyərlərimizi əks etdirən rəqslərlə sevindirmək vacib idi.
Bəli...
Ötən həftə Bakı Musiqi Akademiyasının Opera Studiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən Mizəağa Əliyev adına mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutdu.
Binaya daxil olanda foyedə tar, kamança, tütək və nağara kimi milli musiqi alətlərimizdə gənclərin ifası, az sonra içəridə baş tutacaq konsert-proqramın milliliyindən soraq verirdi.
Zala daxil olduq... Tamaşaçılar artıq yerlərini tutmuşdular. Baxışlarda səbrsizliklə pərdənin qalxacağı anın gözləntiləri açıq-aşkar sezilirdi. İşıqlar sönüb, diqqətlər səhnəyə köklənəndə ilk öncə ərazimizin bütövlüyü uğrunda canından, qanından keçmiş şəhidlərimizin müqəddəs ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra zala bir səssizlik çökdü. Hamı intizarla pərdənin açılmasını gözləyirdi.
Budur, pərdə qalxır və gözlərimiz qarşısında tarixi sirləri ilə hələ də araşdırılmaqda olan Qobustan sıldırım qayaları görünür. Açılış rəqsi elə qurulub ki, sanki həmin o sıldırım qayalarda həkk olunan insan cizgiləri hərəkətə gəlib, canlanır və bu rəqs ruhumuzu silkələyir, bizi təbiət ilə vəhdət halına gətirir.
"Şalı-şalı" rəqsi.
Bədii rəhbər:Cavid Məmmədov
Rəqsin quruluşu:Xumar Zülfüqarova.
“Naxçıvani” rəqsi... Çıxış edir “Cırtdanlar” qrupu