Neft və Qaz İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
İnstitutdan "TehsilMedia.az”a bildirilib ki, tədbiri açan institutun baş direktoru akademik Fəxrəddin Qədirov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müasir müstəqil Azərbaycanın memarı və qurucusu olmaqla yanaşı, ölkəmizin dünyada tanınmasında misilsiz xidmətlər göstərdiyini söyləyib.
Vurğulanıb ki, Ulu Öndərin geniş dünyagörüşü, görkəmli siyasi xadim kimi nüfuzu ölkəmizin təbliğində mühüm rol oynayıb. Heydər Əliyev xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Onun Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları qoyulub, iqtisadi, sosial və mədəni potensialı formalaşıb.
İnstitutun icraçı direktoru Vaqif Qurbanov bildirib ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz vətənpərvər liderlərdən asılı olur. Ulu Öndər müstəqillik illərində, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparıb, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilib, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilib.
İnstitutun əməkdaşları Nuhbaba Şıxıyev, Lətif Sultanov, İsmayıl İsmayilov və Rahilə Əliyeva Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin əsas istiqamətlərindən biri olan milli təhlükəsizliyin və ərazi bütövlüyünün təmin olunması haqqında fikirlərini söyləyiblər.
Tədbirin sonunda Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli tərəfindən Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü əks etdirən videoçarx nümayiş etdirilib.