"Təhsil sistemi bu gün eksperiment poliqonuna çevrilib".
TehsilMedia.az xəbər verir ki, bunu "Tehsil.biz"ə açıqlamasında təhsil üzrə mütəxəssis Nadir İsrafilov dövlət imtahanının ləğvinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hər il yerli-yersiz qaydalar tətbiq edilir:
"Bu il tədris fənlərini, o biri il imtahanın formasını dəyişirik. Ən pisi də odur ki, tətbiqin adaptasiya dövrünü gözləmirik. Çünki bir çox qərarlar kollegial yox, şəxsi olur. Hər məmur öz ideyasını vacib və zəruri hesab edir. Əslində istənilən yenilik pilot layihə kimi həyata keçirilməlidir. Məsələn, dövlət imtahanının ləğvi əvvəlcə bir-iki universitetdə tətbiq edilməlidir. Əgər bu tətbiq bir-iki ilə müsbət nəticə versə, onda bütün universitetlər bunun tətbiqini reallaşdırmalıdır. Ona görə də kütləvi şəkildə dövlət imtahanının ləğvinin əleyhinəyəm”.
Ekspert bildirib ki, istənilən dəyişikliyin nəticəsini gözləmədən digər dəyişiklik tətbiq olunur:
“Sovet dövləti dağılandan sonra Avropa təhsil sisteminə inteqrasiya etməyə başladıq. Lakin bu inteqrasiya prosesində bir sıra yanlışlıqlara yol verdik. Çünki həm sovet təhsil sistemindən tam qurtula bilmədik, həm də inteqrasiya prosesi ümummilli maraqlara deyil, ayrı-ayrı məmurların şəxsi təşəbbüslərinə söykənirdi. Çox təəssüf ki, bu gün də belədir. Təsəvvür edin ki, “Təhsil haqqında” qanuna son bir ildə nə qədər dəyişiklilklər edilib? Bu qədər dəyişikliklər əslində təhsil islahatına əngəl törədir. Biz istənilən dəyişikliyin nəticəsini gözləmədən digərinə başlayırıq. Bu da çox zaman eksperimentlərimizi uğursuzluqla sonlandırır”.