Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun alimləri professor Adil Əliyev, dosent Orxan Abbasov və Elnur Baloğlanovun ABŞ və Çin həmkarları ilə birlikdə palçıq vulkanlarının qazlarının mənşəyinə həsr olunan məqaləsi Amerika Geoloqlar Cəmiyyətinin “Geologiya” jurnalında çap olunub.Bu barədə
"TehsilMedia.az" a AMEA-dan məlumat verilib.
Bildirilib ki, tədqiqat işi, Azərbaycanın palçıq vulkanlarının atmosferə xaric etdikləri metan qazının əmələ gəlməsində termogen və biodeqradasiya proseslərinin öyrənilməsinə həsr edilib. Bunun üçün qeyri-ənənəvi yanaşmalardan fərqli olaraq, ilk dəfə olaraq qruplaşmış izotopoloq (13CH3D və 12CH2D2) analizlərinin nəticələrinə istinad edilib. Alınan yeni elmi nəticələr metanın mənşəyi haqqında daha dəqiq məlumatların əldə olunmasında məhz izotopoloqların öyrənilməsinin zərurətini aşkarlayıb. Bu, əvvəlki tədqiqatlarda geniş istifadə olunan metanın və karbonun izotop məlumatlarının bir sıra geokimyəvi amillərdən təsirlənərək, ənənəvi istifadə olunan izotop göstəricilərinin süni şəkildə dəyişilməsi ilə sübut olunub.
Qeyd edək ki, “Geologiya” jurnalı “Web of Sciences” bazasında indeksləşən geologiya istiqamətli nəşrlər sırasında birinci yerdə qərarlaşır. H indeksi 205 olan jurnal dünya elmi üçün böyük önəm kəsb edən, məhdud həcmdə (dörd səhifəlik) təqdim olunmuş tədqiqat nəticələrini iki dəfə resenziya etməklə nəşr edir.