Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Avropa Şurasının (AŞ) Bakıdakı nümayəndəliyi ilə birgə "Avropa İnsan Hüquqları Konvensiyası – 70” maarifləndirmə kampaniyasını davam etdirir.
Bu barədə "TehsilMedia.az"a BDU-dan məlumat verilib.
Konvensiyanın qüvvəyə minməsinin 70-ci ildönümünə həsr edilmiş kampaniya tələbələrin insan hüquqları sahəsində fundamental sənədlərdən sayılan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın müddəalarının dərindən öyrənilməsinə xidmət edir.
Hüquq fakültəsinin dekanı Zaur Əliyevin və AŞ-nin Bakıdakı ofisinin rəhbəri Petr Zixin təşəbbüsü ilə başlanan bu maarifləndirmə kampaniyasının "Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ – qadınlara qarşı zorakılıq və məişət zorakılığı” mövzusunda növbəti təlimi keçirilib.
Təlimçi qismində AŞ-nin eksperti Pərvanə Bayramova iştirak edib. Təlimçi qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, bu mövzuda məhkəməyə daxil olmuş müraciətlər, onlara baxılması, məhkəmənin qərarları və icrası haqqında ətraflı məlumat verib.
Çıxışında baxılmış işlərdən misallar gətirən ekspert özünün bilik və təcrübəsinə əsaslanan məlumatları tələbələrlə bölüşüb.