"Son illər plagiatlıqdan betər proseslər gedir. Müdafiə olunan azı 80 faiz dissertasiyalar yazdırılır. Bütün elm sahələri üzrə dissertasiya yazan qruplar formalaşıb. Heç bir aktuallığı olmayan mövzulardan işlər yazılır. Rahat müdafiə prosesləri keçirilir. Bəs bunu necə sübut etmək olar?"
TehsilMedia.az xəbər verir ki, bunu deputat Etibar Əliyev elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyəti ilə görüşündə "mən hesab edirəm ki, plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır. Bunun başqa yolu yoxdur", - deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Etibar Əliyev bildirib ki, iddiaçılar 15 dəqiqəlik çıxışda dissertasiyanı kağızdan oxuyurlar.
"Əvvəlcədən onlara suallar paylanılır. İddiaçının işinin özünün yazmadığının bir sübutu da ədəbiyyat siyahısdır. Köhnə ədəbiyyatlara geniş yer verilir və alim olmaq üçün dissertasiyanı yazdıranlar istifadə olunmuş ədəbiyyat siyahısndakı kitabların birinin də üzünü belə görməyiblər. Mən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda işləyəndə belə faktlara çox rast gəlmişəm. Ali Attestasiya Komissiyası bu işlərdən xəbərsiz deyil. Rəhməlik Azad Mirzəcanzadə verdiyi cəmi 2 sualla bunu aşkara çıxarırdı. İndi sualı kim verəcək? Kitab oxyan varmı ki, ədəbiyyat siyahısından suallar versin? Elm sahələri üzrə yazılmış yeni ədəbiyyatlara kitab mağazalarında toxunan belə yoxdur", - millət vəkili əlavə edib.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyəti ilə görüşündə çıxışı zamanı əqli mülkiyyətlə bağlı yuxarı yaş təbəqələri üçün cəza tədbirlərinin ağırlaşdırılmalı olduğunu deyib. Nazir plagiatı sübut edilmiş adamın elmi fəaliyyətinin ömürlük qadağan olunması ilə bağlı fikir irəli sürüb.