Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu ilə Türkiyənin Ege Universiteti arasında ikitərəfli əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
İnstitutdan "
TehsilMedia.az"a bildirilib ki, memorandumda tərəflər arasında əməkdaşlıq, akademik və mədəni əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur. Ege Universitetinin nəzdində fəaliyyət göstərən Nüvə Araşdırmaları İnstitutunda radiasiya monitorinqi, radiasiya təhlükəsizliyi, nüvə fizikası və Radiasiya Problemləri İnstitutu ilə eyni olan digər istiqamətlərdə araşdırmaların davam etdirilməsi nəzərdə tutulur. Radiasiya Problemləri İnstitutunun 3 əməkdaşı 2022-ci ilin oktyabrında sözügedən institutun Quş adasında təşkil etdiyi “Nüvə elmləri və texnologiyaları” üzrə beynəlxalq konfransda məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, Ege Universiteti Türkiyənin dördüncü universiteti olaraq 1955-ci ildə qurulub. Türkiyənin qabaqcıl və dünyanın aparıcı tədqiqat universiteti olaraq missiyası tədqiqat və təhsil sahəsində regional, milli və ümumbəşəri ehtiyacları qarşılamaq, cəmiyyətin xeyrinə öz təməl dəyərlərinə sadiq, peşəkar və mədəni cəhətdən təchiz edilmiş, inkişafa açıq fərdlər yetişdirməkdir. Universitetdə 55 min çox bakalavr, 10 minə yaxın magistr təhsil alır.