Avropa Azərbaycan Məktəbi dünya miqyasında təhsil sahəsində nüfuzlu təşkilat olan Beynəlxalq Məktəblər Şurasının (BMŞ) tam akkreditasiyasından keçib.
Məktəbdən TehsilMedia.az-a verilən xəbərə görə, BMŞ orta məktəbləri, ali təhsil müəssisələrini və fərdləri peşəkar xidmətlər ilə təmin etməklə beynəlxalq təhsili formalaşdıraraq əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən üzvlük icmasıdır. BMŞ-nın qayəsi dünyanın müxtəlif yerlərində mövcud olan ideyaların, mədəniyyətlərin və təhsil işçilərinin əlaqələndirilməsi əsasında yüksək keyfiyyətli beynəlxalq təhsil vasitəsilə beynəlmiləl vətəndaşların inkişafı prosesinə ilham verməkdir.
BMŞ-nın akkrediatsiyasını tamamlamaq AAM-ni bu akkreditasiyanı almış digər seçilmiş beynəlxalq məktəblərlə eyni cərgəyə qoymuş oldu. Bu akkreditasiya haqqında təsdiq onu göstərir ki, məktəb beynəlxalq təhsilin yükək standartlarına cavab verir və təhsil proqramının bütün sahələrində uğur və inkişafı davam etdirmək öhdəliyini üzərinə götürür.
Məktəb rəhbərliyinin qənaətinə görə, bu nailiyyət onların tələbələri arasında tənqidi təfəkkür, yaradıcılıq və qlobal vətəndaşlığı inkişaf etdirən dünya səviyyəli kurikulumların təmin edilməsinə nümayiş etdirdikləri yorulmaz fəaliyyətin sübutudur.
Avropa Azərbaycan Məktəbi akademik-müəllim heyətinin, əməkdaşlarının və tələbələrinin yorulmaz səyləri ilə özünü beynəlxalq təhsil sahəsində aparıcı qurum kimi təsdiqləmiş, tələbələri üçün sonsuz imkanlar açmış və onları beynəlxalq vətəndaşı kimi yetişdirmişdir. Bu son nailiyyət məktəbin tarixində əhəmiyyətli bir mərhələni təşkil edir. Avropa Azərbaycan Məktəbini bu böyük nailiyyət münasibətilə təbrik edirik!