Dövlət İmtahan Mərkəzi 2001 və 2002-ci illərdə Ulu Öndərlə görüşmüş Prezident təqaüdçülərindən alınan müsahibələr əsasında kitab nəşr edib.TehsilMedia.az xəbər verir ki, “İlk Prezident təqaüdçüləri” adlı kitab Ulu Öndər Heydər Əliyevin qiymətli kəlamları ilə açılır: “Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır. Xüsusən, aparıcı qüvvə, hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilik nümayəndələridir. Onun yüksək təfəkkürə, yüksək biliyə, yüksək ixtisasa malik olan insanlarıdır”.
Kitaba Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən “Ön söz” yazılıb. Məleykə Abbaszadə Ulu Öndər Heydər Əliyevin hər il ali məktəblərə yüksək balla qəbul olan gənclərlə görüşdüyünü qeyd edərək yazır: “Ulu Öndər yüksək nəticələrinə görə tələbləri şəxsən təbrik edir, onlara xatirə hədiyyələri təqdim edir və təhsildə uğurlar arzulayırdı. Dövlət İmtahan Mərkəzi 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülmüş və həmin görüşlərdə iştirak edən şəxslərin əksəriyyəti ilə ünsiyyət saxlayıb, bir şəxsiyyət və dövlət xadimi kimi Heydər Əliyev haqqında düşüncələrini, Prezident təqaüdünün onların karyera yüksəlişində əhəmiyyətini, uğur hekayələrini, gənclərə, o cümlədən tələbələrə, şagirdlərə arzu və tövsiyələrini videomüsahibə şəklində təqdim edib”.
Qeyd edək ki, DİM tərəfindən hazırlanmış vəsait ictimaiyyətə həmin görüntülərdəki məlumatların xülasəsini təqdim edir. Oxucu hər bir layihə iştirakçısına aid səhifədə təqdim olunmuş “QR” kodu mobil telefon vasitəsilə oxutmaqla videomüsahibələrə də baxa bilər.
DİM-in bu layihəni həyata keçirməkdə əsas məqsədlərindən biri də şagirdlərə, gələcək abituriyentlərə qabaqcıl təcrübə nümunələri və örnəklərini göstərmək, bilik yarışının öncüllərinin nailiyyətlərini onlara nümunə olaraq təqdim etməkdir.
Sevindirici haldır ki, ilk Prezident təqaüdçülərinin son 20 il ərzində əldə etdikləri nailiyyətlərə və karyeralarına baxdıqda hər birinin ölkəmizdə, həmçinin dünya əmək bazarında layiqli yer tutduğunun şahidi oluruq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində irəli sürdüyü “Qara qızılı insan kapitalına çevirmək” prinsipinə uyğun olaraq ölkəmizdə kadr potensialının inkişafı istiqamətində görülmüş məqsədyönlü işlər öz hədəfinə çatıb.