Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev “İpək Yolunun UNESCO-nun Ümumdünya İrs Siyahısına namizədlik prosesinin dəstəklənməsi” mövzusunda onlayn keçirilən 6-cı ekspert iclasında iştirak edib.Bildirilib ki, iclasın açılışında UNESCO-nun Ümumdünya İrs Mərkəzinin Asiya-Sakit Okean Departamentinin direktoru Himalçuli Qurunq təbrik nitqi ilə çıxış edib.
İclasda 2024-cü ildə həyata keçiriləcək layihənin məqsəd və vəzifələrindən danışılıb, fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. Layihə UNESCO və Yaponiyanın Ümumdünya Mədəni İrsin Qorunması üzrə Trast Fondu (Japan Fit) tərəfindən həyata keçirilən layihənin 3-cü mərhələsidir. Ekspertlər əmindirlər ki, “İpək Yolunun Volqa-Xəzər dəhlizi” transmilli nominasiyası tezliklə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil ediləcək, çünki bundan əvvəl İpək Yolunun digər transsərhəd rayonları da bu siyahıya daxil edilmişdi.
Onlayn iclasda UNESCO-nun Ümumdünya İrs Mərkəzinin, Teikyo Universitetinin, Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, UNESCO-nun Almatı Bürosunun, Türkmənistan Mədəniyyət Nazirliyinin, UNESCO üzrə Türkmənistan Milli Komissiyasının nümayəndələri və hər bir iştirakçı dövlətdən iki ekspert, habelə beynəlxalq ekspertlər iştirak ediblər.
İclas UNESCO-nun Ümumdünya İrs Mərkəzi və Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.