AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi dosent Təranə Həşimovanın “XX əsrin ikinci yarısında Azərbaycan və özbək şeirinin milli və ideoloji yöndə qarşılaşdırılması” adlı məqaləsi Türkiyədə Əhməd Yəsəvi Universitetinin “Web of science” və “Scopus” bazalarına daxil olan “Bilig” Türk dünyası sosial elmlər jurnalında dərc olunub.
Məqalədə qeyd edilir ki, Azərbaycan və özbək türklərinin ədəbi-mədəni əlaqələri köklü tarixə və ənənələrə malikdir. İbn Sina, Xarəzmi, Buhari, Uluğ Bəy, Əlişir Nəvai kimi məşhur şəxsiyyətlər, mütəfəkkir şairlər Azərbaycanda əsrlərdir ki, böyük hörmətlə anılır. Xaqani, Nizami, Nəsimi, Füzulini özbək xalqı öz şairləri kimi oxuyub öyrənirlər.
Məqalədə Azərbaycan və özbək şeirində sovet sisteminin qadağan etdiyi milli, tarixi, türk birliyi kimi mövzularda yazılan ədəbi nümunələr araşdırılır, mövzu, fikir, ideya, ahəng paralellərindən bəhs olunur. Bildirilib ki, 1950-ci illərdə, Stalinin ölümündən sonra dünya ədəbiyyatındakı yenilənmənin təsiri ilə xalqlarımızın ədəbiyyatında milli mövzular tədricən öz əksini tapmağa başladı.
Müəllif, həmçinin milli şeiri əsarətdən qurtarmaq üçün qələmləri ilə döyüşən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Fikrət Qoca, Abdulla Aripov, Erkin Vahidov, Cemal Kemalın yaradıcılıqlarını ortaq mövzular, ortaq xüsusiyyətlər, fikir bənzərlikləri, bədii təsir və bəhrələnmə kontekstində təhlil edib.