Təhsil eksperti Kamran Əsədov oktyabrın 24-də Bakının Binə qəsəbəsində şagirdlərin dönərdən zəhərlənməsi məsələsinə münasibət bildirib.
Ekspert
"TehsilMedia" a açıqlamasında qeyd edib ki, dönərin alındığı məkanla məktəblər arasında məsafə çoxdur, həmçinin hər bir məktəbin yaxınlığında dönərxana var:
"Bir-birindən uzaq məsafədə yerləşən fərqli məktəblərin şagirdləri eyni yerdən niyə dönər alıb?Çünki onlar eyni yerə hazırlığa gedirlər. Bəli, bu gün bizim şagirdlər dərsdən çıxan kimi yolda ayaqüstü dönər, peraşki yeyib hazırlığa, kursa gedirlər. Ona görə ki, hazırlıq kursları, repetitorlar dərslərini saat 14-00-15-00-a salırlar. Orta məktəblərdə də dərslər 13:00-13:30 aralığında bitir və buna görə də şagirdlərin dərsdən evə gedib yemək yeməyə, dincəlməyə vaxtı olmur".
Kamran Əsədovun sözlərinə görə, bu gün repetitorluq həm maddi, həm fiziki olaraq şagirdlər üçün ağırdır:
"Əlbəttə ki, repetitorluq səbəb deyil, nəticədir. Çətin qəbul imtahanlarının, çətin dərsliklərin nəticəsində zərurət olaraq ortaya çıxıb".
Xatırladaq ki, oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 16 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən( TƏBİB) verilən son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 8 uşaq (3-ü ailəsinin intizamnaməsi ilə) ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 16 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.
Mərcanə Əsədova