"Zəfər Günü" ilə əlaqədar ölkənin bütün şəhər və rayonlarında silsilə tədbirlər davam edir. Abşeron rayonu tədbirlərin möhtəşəmliyi və fərqliliyi ilə Respublikanın digər rayonları arasında xüsusilə seçilir. Bu baxımdan Xırdalan şəhərinin təhsil ocaqlarında "Zəfər Günü"nə həsr olunan silsilə tədbirlər artıq start götürüb.
TehsilMedia.az xəbər verir ki, növbəti möhtəşəm tədbir Məmmədhəsən Adıgözəlov adına Xırdalan şəhər 4 nömrəli tam orta məktəbdə baş tutub. Məktəb rəhbərliyinin təşkilatçılığı ilə keçirilən tədbir öz unikallığı ilə seçilib. Belə ki, məktəbin 1 C sinfinin şagirdləri "Zəfər bayramın mübarək Azərbaycan əsgəri" adlı kompaniya keçirərək əsgərlərimizə bayram sovqatı və məktublar göndəriblər. Onların sovqatları vətənin keşiyində duran əsgərlərimizə çatdırılıb və qələbə günü ərəfəsində Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin kollektivi tərəfindən həyata keçirilən bu aksiya böyük maraqla qarşılanıb. Qəhrəman əsgərlər Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin 1 C sinfinin şagirdlərinə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, məktəbin direktoru
Zəminə Nuriyeva "Zəfər Günü" ilə bağlı keçirilən aksiyada çıxış edib. O, 30 ilə yaxın işğal altında qalmış ərazilərimizin azad olunması, düşmən üzərində tam qələbənin əldə edilməsi istiqamətində Ali Baş Komandanın apardığı ardıcıl və məqsədyönlü siyasətdən, Müzəffər Ordumuzun mətinliyindən və qələbəmizin əhəmiyyətindən söhbət açıb. Bu yolda xalqımızın çoxlu şəhidlər verdiyini, minlərlə qazimizin olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı düşmən tapdağından təmizləyərək suverenliyimizi tam bərpa edib.
Müşviq Tofiqoğlu,
TƏHSİL MEDİA