Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində icra olunan “İnklüziv qruplarda STEAM məşğələləri” layihəsinin təqdimat mərasimi keçirilib.Bu barədə
"TehsilMedia.az" a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, fərdi kateqoriya üzrə qalib gələn 55 nömrəli tam orta məktəbin müəllimi Ravil Abdullayev tərəfindən həyata keçirilən layihənin təqdimat mərasimində təhsil müəssisəsinin direktoru Yaqut Kərimli, STEAM üzrə mütəxəssis Sona Kərimova, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirdə layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi məktəbin V-IX siniflərinin inklüziv qruplarındakı şagirdlər üçün STEAM təlimlərini təşkil etmək, onlarda bu sahə üzrə bilik və bacarıqları artırmaqdan ibarətdir. Layihə çərçivəsində şagirdlərə dərslər zamanı qarşılıqlı inteqrasiya yolu ilə öyrənmə texnologiyaları aşılanacaq. “Microbit.org” və “Tinkercad.com” platforması üzərindən mühəndislik, dizayn yaratmaq, layihələr hazırlamaq üzrə dərslər keçiriləcək. Bundan əlavə, sağlamlıq imkanları məhdud uşaqların digər həmyaşıdları ilə birgə səmərəli vaxt keçirməsini təmin etmək və birgə öyrənmə imkanlarını yaratmaq “İnklüziv qruplarda STEAM məşğələləri” layihəsinin əsas hədəflərindəndir.