Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki xalçaçılıq sənəti kursunun ilk xalçası təqdim olunub.
TehsilMedia.az xəbər verir ki, bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Xalçanın təqdimatı zamanı çıxış edən Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki koordinatoru, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov ilk uğurlu nəticə münasibətilə kürs müdavimlərini və onların ustadını təbrik edib. Bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində start verilmiş xalçaçılıq sənətinin tədrisi kursunun ilk əl işinin təhvil verilməsi olduqca sevindirici haldır. Azərbaycan dövlətinin xalqımızın məişətində özünəməxsus yer tutan xalçaçılıq sənətinə böyük qayğı göstərdiyi, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə müxtəlif beynəlxalq layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb.
Sonra ilk xalçanın kəsilməsi prosesi gerçəkləşdirilib.
Qeyd edək ki, Azərbaycan xalçaçılıq sənətinin təbliğ olunması məqsədilə yaradılan kursda müxtəlif ölkələrdən 52 tələbə bu qədim sənətin sirlərinə yiyələnir. Kurs xalça ustası 57 yaşlı Camal Məhəmmədin rəhbərliyi ilə aparılır. Misirdə xalçaçılıq sənətinə böyük marağı nəzərə alaraq, gələcəkdə kursun fəaliyyətinin daha da genişləndirilməsi planlaşdırılır.
Xatırladaq ki, xalçaçılıq sənəti ilə yanaşı, hazırda cəmiyyətin nəzdində fəaliyyət göstərən Azərbaycan dili, muğam sənəti və digər kurslarda 55 ölkədən 600-dən çox tələbə ödənişsiz təhsil alır.