Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq ekologiyası laboratoriyasının müdiri, dosent Zaman Məmmədovun Cənubi Koreya Respublikası alimləri ilə birgə uzunmüddətli apardığı növbəti tədqiqat işinin ELSEVIER bazasında indekslənmiş, impakt faktor 9.8, Q1 kateqoriyalı “Science of The Total Environment” adlı beynəlxalq elmi dərgisində məqaləsi çap olunub.
İnstitutdan "
TehsilMedia.az"a bildirilib ki, məqalədə torpağın şoranlaşmasının bəşəriyyətin qida təhlükəsizliyi və davamlılığı üçün əsas təhlükə olmasından, onun biomüxtəlifliyin deqradasiyasına səbəb olan əsas amillərdən hesab edilməsindən bəhs edilir. Həmçinin məqalədə Kür-Araz ovalığında iqlim dəyişikliyinin və su idarəçiliyinin təsirindən torpaqların şoranlığının proqnozlaşdırılması məsələləri verilib.
Bu tədqiqatda Azərbaycanın Kür-Araz ovalığında 1986-cı ildən 2021-ci ilə qədər şoranlaşma prosesini proqnozlaşdırmaq üçün Landsat məlumatlarından istifadə edilmiş, iqlim dəyişikliyi və suyun idarə edilməsinin təsirlərini hesablamaq üçün suyun hərəkəti və duzluluğun nəqli modelləri hazırlanıb. Modelin nəticələri göstərib ki, yağıntıların və drenajların artması torpağın şoranlığının və kənd təsərrüfatı məhsuldarlığının kəskin yaxşılaşmasına səbəb olub və bu dəyişikliklər iqlim dəyişikliyi və su idarəçiliyinin sinergetik təsirindən qaynaqlanıb. Gələcək proqnozlar göstərir ki, qonşu Xəzər dənizində buxarlanmanın azalması səbəbindən yağıntıların miqdarı azalacaq və bu yenidən şoranlaşmaya gətirib çıxaracaq. Torpağın yenidən şoranlaşması Azərbaycanın və qonşu ölkələrin kənd təsərrüfatı sənayesinin davamlılığına və ərzaq təhlükəsizliyinə ciddi təhlükə yarada bilər. İqlim dəyişikliyinin təsirinə hazırlıq üçün inkişaf etməkdə olan ölkələrə daha çox elmi diqqət və səylər artırılmalıdır.