Rusiyanın Arxangelsk şəhərindəki 31 nömrəli Uşaq İncəsənət Məktəbində Azərbaycanın əfsanəvi sənətkarı, dünya şöhrətli bəstəkar-müğənni, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevə həsr olunmuş açıq dərs keçirilib.
TehsilMedia.az xəbər verir ki, tədbir “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının və məktəbin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.
Məktəb şagirdlərini və valideynləri salamlayan “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının rəhbəri Tərlan Qasımov və məktəbin müəllimi Leyla Nizamqızı xalqımızın görkəmli sənətkarı Müslüm Maqomayevin həyat yolu və yaradıcılığı barədə danışıblar.
Sonra diaspor fəalları Emin Kazımovun və Akif Səmədovun təqdimatlarında sənətkarın vətəni Azərbaycanın tarixi, zəngin mədəni irsi, milli alətlərimiz olan tar, kamança, saz, balaban, nağara və dəf barədə ətraflı məlumat verilib.
Azərbaycan icması bu tədbirin təşkilinə görə məktəbin müəllimi Tatyana Kazaka minnətdarlığını bildirib və Müslüm Maqomayevin adını daşıyan auditoriyada belə tədbirlərin tez-tez keçiriləcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, 31 nömrəli Uşaq İncəsənət Məktəbində Müslüm Maqomayevin adını daşıyan auditoriya “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının səyləri və Arxangelsk şəhər administrasiyasının iştirakı ilə ötən il açılıb.