Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.
Bu barədə "
TehsilMedia.az"a rəsədxanadan məlumat verilib.
Bildirilib ki, seminarda Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri dosent Nazim Hüseynovun “Seyfert qalaktikası NGC 4151-in spektral və fotometrik dəyişkənliyinin xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə I tip Seyfert qalaktikası NGC 4151 üçün 1906-2016-cı illəri əhatə edən tarixi parlaqlıq əyrisi təqdim olunub. 110 illik tarixi parlaqlıq əyrisi spektral və fotometrik dəyişkənlik müşahidə olunan Seyfert qalaktikaları arasında indiyə qədər məlum olan ən uzun müddətli parlaqlıq əyrisidir və tarixi parlaqlıq əyrisindən 16 illik periodik komponentin mövcudluğu aşkarlanıb. Həmçinin məsafəni təyin etmək üçün Genişlənən Fotosfer (Expanding Photosphere method) və Standart Şam üsulundan (The Standard Candle method) istifadə edərək NGC 4151 qalaktikasına qədər məsafə üçün alınan nəticələr açıqlanıb. İstifadə olunmuş üsullarla NGC 4151 qalaktikasına kimi məsafə 20.0 ± 1.6 Mps və 16.6 ± 1.1 Mps alınıb.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.