SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) abituriyentlər və valideynlər üçün “Açıq qapı” günü keçirilib.
TehsilMedia.az xəbər verir ki, konqres zalında başlayan görüşdə ali məktəb haqqında geniş təqdimat edilib.
Təqdimatda illər üzrə ümumi statistik göstəricilər, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübə proqramları, seminarlar və BANM-in fəaliyyətinin digər istiqamətləri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Bakı Ali Neft Məktəbi prezident təqaüdçülərinin sayına görə ölkə üzrə liderdir.
BANM-in Kimya mühəndisliyi ixtisasının 4 – cü kurs tələbəsi Çingiz Hacıyev Ali Məktəbin tələbə həyatı, sosial-ictimai sahədə tələbələrin fəaliyyəti haqda və qazandıqları uğurlar barədə danışaraq, tələbə təşkilatları və klubları haqqında məlumat verib, müxtəlif şirkətlərdə keçdikləri istehsalat təcrübəsi haqqında təəssüratlarını və fikirlərini bölüşüb.
"Açıq qapı” günü Ali Məktəbin kampusunun tanışlıq gəzintisi ilə davam edib. İştirakçılar 600 nəfərlik Konqres zalı, kitabxana, üzgüçülük hovuzu, iki qapalı idman zalı, tələbə yeməkxanası, auditoriyalar, müasir tədris laboratoriyaları, fitnes mərkəzi, süni örtüklü stadion, tennis kortu, voleybol, basketbol, yüngül atletika meydançaları və Tələbə evi ilə tanış olublar.
Sonda abituriyentləri və onların valideynlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.