30 avqust tarixində Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan “Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası” və “Neftçala rayonunun Qırmızıkənd kənd məktəbinin əlavə məktəb binasının inşası” layihələrinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimlərində səfir Vada Cüniçi, hər iki rayonun icra başçıları, Təhsil İdarələrin rəhbərləri və digər əlaqəli şəxslər iştirak etmişdir.
Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi xocavəndli məcburi köçkünlərin məskunlaşması və Xocavənd rayonunun administrativ funksiyalarının icrası üçün Beyləqan rayon ərazisində salınan yaşayış sahəsidir. “Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası” layihəsi çərçivəsində Yeni Xocavənd qəsəbə məktəbinin əlavə məktəb binasının (sahəsi 251.88㎡, işıq, su, qaz istilik sistemi təminatlı) tikintisi və mövcud məktəb binasının qaz istilik sistemi ilə təmin edilməsi üçün “Azərbaycan İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi” İctimai Birliyinə 91.297 ABŞ dolları (154.293 manat) məbləğində qrant ayrılıb.
“
Neftçala rayonunun Qırmızıkənd kənd məktəbinin əlavə məktəb binasının inşası” Qırmızıkənd kənd məktəbinin əlavə məktəb binasının (sahəsi 284㎡, işıq, su, qaz istilik sistemi təminatlı) tikintisi üçün “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinə” 90.513 ABŞ dolları (152.968 manat) məbləğində qrant ayrılıb.
Qeyd edək ki, indiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24 070 000 ABŞ dollarını (təqribi 40 680 000 manat) ötüb.
“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” Azərbaycan Respublikası əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür. Yeni layihə ilə bağlı Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinə müraciət edə bilərsiniz.